Xətai rayonunda sakinlərin qaldırdığı abadlıq məsələləri ilə əlaqədar tədbirlər görülür
Bakı, 28 mart, AZƏRTAC
Son illər Xətai rayonun ərazisində əhalinin istirahətini təmin etmək məqsədilə yeni yaşılıq zolaqları, park və meydanlar salınır, iməciliklər keçirilir.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin səyyar və yerli qəbullar zamanı sakinlərin yeni yaşıllıqların salınması və qanunsuz zəbt olunan ərazilərin çəpərlərinin sökülərək aradan qaldırılması ilə əlaqədar məsələlər öz həllini tapır.
Sakinlərin şikayətləri əsasında həyata keçirilən növbəti abadlaşdırma aksiyası rayonun Məhəmməd Hadi küçəsi 93 və 97 nömrəli ünvanlarının qarşısında həyata keçirilib. Ətrafda mövcud olan antisanitar vəziyyət nəzərə alınaraq qeyri-qanuni zəbt edilmiş sahələrdə çəpərlər və yararsız tikililər sökülüb, ərazi məişət tullantılarından təmizlənib. Qurumuş ağaclar budanıb və ərazidə yeni ağaclar əkilib.
Hazırda həmin ərazidə abadlıq və təmizlik işləri davam etdirilir.