Xeyli miqdarda narkotik vasitə ilə saxlanılan Sabunçu sakininin mənzillərdən oğurluqlar etdiyi müəyyənləşib VİDEO
Bakı, 7 mart, AZƏRTAC
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmçinin mənzil oğurluğu cinayətlərinin üstünün açılması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Balaxanı qəsəbə sakini Seymur Zeynalov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman 16,415 qram heroin aşkar edilib. Axtarış tədbirlərinin davamı olaraq S.Zeynalovun əlindəki çantadan 2200 avro, 246 manat, habelə 30 ədəd qapı açarı və müxtəlif növ 7 medal götürülüb. Saxlanılan şəxsin yaşadığı evə baxış keçirilən zaman, əlavə olaraq 2 kiloqram 250 qram heroin də aşkarlanıb.
S.Zeynalov ifadəsində Sabunçu, eləcə də digər rayonların ərazilərində silsilə mənzil oğurluqları törətdiyini və üzərində aşkarlanan pul və qiymətli əşyaları həmin cinayətlər nəticəsində ələ keçirdiyini bildirib.
Faktlarla bağlı 12-ci polis bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.