ELM VƏ TƏHSİL
Xəzər Universitetində rəhbər təhsil işçiləri ilə görüş keçirilmişdir
Bakı, 6 dekabr (AZƏRTAC). Xəzər Universitetində Səbail Rayonu İcra Hakimiyyəti nümayəndələri və rəhbər təhsil işçiləri ilə görüş keçirilmişdir.
Universitetdən AZƏRTAC-a bildirmişlər ki, görüşdə bu ali təhsil müəssisəsinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı universitetin fəaliyyəti, qazandığı uğurlar, beynəlxalq əlaqələri, son illər Azərbaycanda və dünyada təhsil sahəsində baş verən yeniliklərdən, Xəzər Universitetində görülən müvafiq işlərdən danışmışdır.
Xəzər Universitetinin yeni yaradılmış Hazırlıq Mərkəzi barədə qonaqlara ətraflı məlumat verilmişdir.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Xəzər Universitetinin fəaliyyətini yüksək qiymətləndirmiş, əlaqələrin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulamış, maraqlı görüşə görə tədbir iştirakçıları adından universitetin rəhbərliyinə minnətdarlıqlarını bildirmişdir.
Sonda professor H.İsaxanlı iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.