“XƏZƏRDƏNİZNEFTDONANMASI” YARIM ƏSRDƏN ÇOXDUR Kİ, DƏNİZ NEFTÇİLƏRİNİN XİDMƏTİNDƏDİR
“Xəzərdənizneftdonanması”ndan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, keçən əsrin 80-ci illərində dənizin dərin yerlərindəki yataqları mənimsəmək üçün Almaniya, Finlandiya, Polşa, Norveç, Yuqoslaviya, Bolqarıstan və Fransadan müxtəlif əməliyyatları yerinə yetirə bilən gəmilər alınmışdır. 2 min 500 ton yük qaldıra bilən “Azərbaycan” kran gəmisi, 18 min ton ağırlığında blok-modul daşıyan barj, dənizin 300 metrə qədər dərinliyində borudüzən “İsrafil Hüseynov” gəmisi, həmin dərinlikdə sualtı işləri görən “Akademik Tofiq İsmayılov” dalğıc gəmisi, müxtəlif yedək və sərnişin gəmiləri alınmışdır.
“Əsrin müqaviləsi” imzalandıqdan, xarici ölkələrin neft şirkətləri Azərbaycanın karbohidrogen ehtiyatlarının çıxarılmasına cəlb edildikdən sonra donanmanın işində böyük canlanma baş vermişdir. İndi donanmada gəmilərin ümumi sayı 250-ə yaxındır. Onun 3 üzən tərsanəsi, 4 üzən emalatxanası və 1 gəmi təmiri zavodu var.
“Əsrin müqaviləsi” çərçivəsində ilkin neft layihəsinin yerinə yetirilməsində, “Çıraq-1” platformasının tikintisində, həmin platformadan sahilə sualtı neft kəmərlərinin çəkilməsində donanmanın 11 gəmisi və 4 barjı iştirak edir.
55 yaşını qeyd etməyə hazırlaşan donanmanın kollektivi bu ilin 8 aylıq tapşırıqlarını uğurla yerinə yetirmişdir.