XƏZƏRİ ÇİRKLƏNDİRƏN İAŞƏ OBYEKTLƏRİNİN İŞ İCRAÇILARI CƏRİMƏ EDİLMİŞDİR
Bakı, 21 avqust (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları Xəzər akvatoriyasının çirklənmədən qorunması məqsədilə sahil ərazilərdə çirkab sularının qanunamüvafiq qaydada idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reydlər keçirmişlər.
Bakı şəhər Kanalizasiya Xidmətləri İdarəsinin balansında olan “Buzovna”, “Sahil” Bioloji və “Zığ” Mexaniki Təmizləmə Qurğularına daxil olan çirkab sular təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdıldığına görə Bakı şəhər Kanalizasiya Xidmətləri İdarəsi hüquqi şəxs qismində cəmi 27000 manat məbləğində cərimə edilmişdir.
“Azərsu” SC-nin balansında olan Hövsan Aerasiya Stansiyasına və Hoca-Həsən Mexaniki Təmizləmə qurğusuna daxil olan çirkab sular təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdıldığına görə “Azərsu” SC hüquqi şəxs qismində cəmi 22500 manat məbləğində cərimə olunmuşdur.
Sumqayıt şəhəri Xəzər sahili ərazidə məişət çirkab sularının təmizlənmədən birbaşa və ya yeraltı horizontlarla Xəzər dənizinə sızdığına görə “Ləpədöyən”, “Duyğu” ,“Liman”, “Çaydaşı”, “Flaqman”, “Ağ gecələr”, “Gilavar”, “Ümid”, “Cürət”, “Nicat”, “Dərya”, “Yaxta”, “Corat-313”, “Dalğa”, “Elit”, “Narınqala”, “Sunset”, “Gəmi” iaşə obyektlərinin, I Sumqayıt TQİ-nin istirahət mərkəzinin iş icraçıları hər biri fiziki şəxs qismində inzibati qaydada 600 manat məbləğində cərimə olunmuşlar.
Sumqayıt şəhəri Xəzər sahili ərazidə məişət çirkab sularının təmizlənmədən birbaşa və ya yeraltı horizontlarla Xəzər dənizinə sızdığına görə “Sahil” istirahət mərkəzinin, “Dostluq” və “Apelsin Beach” iaşə obyektlərinin iş icraçıları hər biri fiziki şəxs qismində inzibati qaydada 650 manat məbləğində cərimə olunmuşdur.