Xəzərin sahil zolağında yerləşən müəssisələrə verilən xəbərdarlığın müddəti yazın ilk ayında başa çatır
Bakı, 25 yanvar, AZƏRTAC
Xəzərin çirkləndirilməsinə səbəb olan tullantılara görə sahil zolağında yerləşən obyekt, müəssisə və təşkilatlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən xəbərdarlığın müddəti yazın ilk ayında başa çatır. Xəbərdarlığa əməl etməyənlərə qarşı nazirlik tərəfindən sərt inzibati və hüquqi tədbirlər görüləcək.
Bu barədə AZƏRTAC-a nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq idarəsinin direktoru Ərəstun Həsənov məlumat verib.
Direktor, həmçinin deyib: “Qarşıdan yaz-yay mövsümünün gəldiyini nəzərə alaraq ötən illərdə olduğu kimi bu il də gərgin ekoloji vəziyyətin yaranmaması üçün müəssisə sahiblərinə müasir təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlıqlar edilib, bildiriş məktubları göndərilib, icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib. Əks halda qanunauyğun qaydada sərt tədbirlər görüləcək.
Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması, dənizi çirkləndirən mənbələrin müəyyənləşdirilməsi məqsədilə şimaldan cənubadək sahil zolağı boyunca monitorinq və araşdırmalar aparılır. Monitorinqlər zamanı Xəzər dənizinin sahil zolağında yerləşən müəssisə, təsərrüfat və yaşayış məntəqələrindən dənizə tökülən yüzlərlə axar qeydə alınıb və əksər obyektlərdə təmizləyici qurğular olmadığından tullantı sularının primitiv üsullarla şambolara yığılaraq heç bir təmizlənmə aparılmadan birbaşa Xəzərə axıdıldığı məlum olub. Dəniz öz təmizliyini bərpa etmək funksiyasına malik olsa da, onun davamlı çirkləndirilməsi təbii yollarla bərpa olunmasına imkan vermir. Bu da dənizin ekosisteminin tədricən məhvinə səbəb olur. Bütün dünyada su hövzələrinin tullantı sularla çirklənməsi məsələlərinə həssaslıqla yanaşılır, bu sahədə qanunvericiliyin tələbləri nəzarətdə saxlanılır. Xəzər dənizinin qorunması ilə bağlı regional və beynəlxalq səviyyədə üzərimizə götürdüyümüz öhdəliklər, tərəfdaş olduğumuz beynəlxalq konvensiyaların müddəaları da bu sahəni daim diqqət mərkəzində saxlamağı bizdən tələb edir”.
Nazirliyin rəsmisi “məcburi göstəriş”ləri yerinə yetirən müəssisələr barəsində də məlumat verərək deyib: “Verilən tövsiyələri və “məcburi göstəriş”ləri yerinə yetirənlərə “Siyəzən Broyler” ASC, Neftçalada “Azər-Yod” MMC-ni və s. nümunə göstərə bilərik. Bu müəssisələrdə artıq təmizləyici qurğuların quraşdırılması istiqamətində işlər aparılır. “Məcburi göstəriş” pozuntuları aradan qaldırmaq üçün işin həcmindən asılı olaraq iki ayadək verilən vaxtdır. Yerinə yetirilməyəndə isə artıq inzibati tədbirlər görülür. Məqsədimiz kimisə cərimə etmək deyil, tullantıların atılmasını aradan qaldırmaqdır”.