Xidmət rəisi: Xəzərin səviyyəsinin sürətlə enməsi nəticəsində daha ciddi problemlərlə üzləşəcəyimiz istisna olunmur
Bakı, 2 noyabr, AZƏRTAC
"Dəniz səviyyəsinin sürətlə enməsi bəzi həssas təsərrüfat sahələrinə, xüsusilə dəniz nəqliyyatının fəaliyyətinə, həmçinin dənizin ekoloji mühitinə ciddi təsir göstərməyə başlayıb. Səviyyədə müşahidə olunan enmələr bu sürətlə davam edərsə, müxtəlif təsərrüfat sahələrində daha ciddi problemlərlə üzləşəcəyimiz istisna olunmur.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Xəzər dənizinin səviyyə dəyişməsinin səbəbinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması üzrə ekspert qrupunun iclasında deyib.
Xidmət rəisi bildirib ki, Xəzər dənizinin bütün akvatoriyasında mövsümi dəyişmə amplitudasının tədqiqi və tədqiqat zamanı onların fazalarının paylanmasının öyrənilməsi vacib məsələlərdəndir: "Qeyd olunanları nəzərə alaraq, Xəzərin səviyyə tərəddüdlərinin səbəblərinin daha dərindən təhlili və proqnozlaşdırılması üçün Xəzəryanı ölkələrin aparıcı mütəxəssislərindən ibarət İşçi Qrupun qısa zamanda formalaşdırılması və fəaliyyətə başlamasını məqsədəuyğun hesab edirəm.
Dünyanın bu sahədə aparıcı alimləri, o cümlədən İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun (IPCC) aparıcı mütəxəssislərini bu məsələyə cəlb edilməsi məqsədilə Xəzəryanı ölkələrin adından bu mötəbər təşkilata müraciət edilməsini təklif edirik. Bu istiqamətdə ilkin müzakirələr, iqlim dəyişmələrinin Xəzərin ekosistemi və səviyyəsinə təsirlərinin IPCC səviyyəsində tədqiqi məsələsi bu ilin iyul ayında keçirilmiş 59-cu sessiya zamanı IPCC sədrinin müavini Diana Ürge-Vorsatz ilə görüşdə təşkilatın Milli Əlaqələndiricisi tərəfindən onun diqqətinə çatdırılıb".