Xızı rayonunun Fındığan kəndinin sakinləri içməli su ilə təmin olunub
Bakı, 8 may, AZƏRTAC
Xızı rayonunun Fındığan kəndində içməli su layihəsi icra olunub və layihənin başa çatması münasibətilə açılış mərasimi keçirilib.
Azərbaycan Dövlət Su Ehtiyataları Agentliyindən (ADSEA) AZƏRTAC-a bildirilib ki, açılış mərasimində ADSEA-nın sədr müavini İlqar Gülməmmədov, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, ADSEA-nın tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Layihə çərçivəsində Xızı rayonu, Fındığan kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə mövcud su anbarı təmir olunub, kənddaxili şəbəkə yenidən qurulub və 4,4 km uzunluğunda yeni su xətti çəkilib. Bununla yanaşı, siyirtmələr otağı və gözətçi məntəqəsinin binası əsaslı təmir olunub. Əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədilə abonentlər üçün ümumilikdə 87 su sayğacı quraşdırılıb.
Fındığan kəndinin 542 nəfərlik əhalisinin gündəlik suya olan tələbatını yeni yaradılmış su təchizatı şəbəkəsi ilə tam qarşılamaq mümkün olacaq.
Qeyd edək ki, Xızı rayonu üzrə 11 yaşayış məntəqəsində 2132 abonentə su təchizatı xidməti göstərilir.
Həmçinin, 2026–2027-ci illərdə Şorabad kəndinin su təchizatı sisteminin yenidən qurulması üçün layihə və tikinti işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, 2026-cı ildə Xızı şəhəri və Altıağac qəsəbəsində təmir-bərpa işlərinin aparılması planlaşdırılır.