Xızıda karantin rejiminin tələblərinə laqeydlik nümayiş etdirən şəxslər aşkarlanıb
Xızı, 16 noyabr, Elxan Yusifli, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının qarşısının alınması məqsədilə müəyyən etdiyi qaydaların yerinə yetirilməsi istiqamətində Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən reydlər zamanı virusun yayılma riskinin yüksək olduğu qapalı məkanlarda - market, mağaza və digər obyektlərdə bəzi vətəndaşların hələ də karantin rejiminin tələblərinə laqeydlik nümayiş etdirdiyi aşkarlanıb.
Polis əməkdaşları tərəfindən tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib. Qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə qanunamüvafiq tədbirlər görülüb.