“Xocalı 22 il (1992-2014)” xüsusi nəşri çapdan çıxmışdır
Bakı, 21 fevral (AZƏRTAC). Xətai Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış “Xocalı 22 il (1992-2014)” xüsusi nəşr Azərbaycan və ingilis dillərində çapdan çıxmışdır.
AZƏRTAC xəbər verir ki, xüsusi nəşr Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Xocalı faciəsi iki yüz ildən çox müddətdə davakar erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir” qiymətli kəlamı ilə açılır.
Nəşrdə 200 ildən artıq bir dövrdə azərbaycanlıların erməni millətçilərinin davamlı etnik təmizləmə, soyqırımı siyasətinə məruz qaldıqları konkret faktlarla diqqətə çatdırılmışdır.
Bildirilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ Silahlı Qüvvələrinin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücuma keçmişlər. Erməni quldurlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qoca, uşaq, qadın əsir götürülərək ağlasığmaz erməni işgəncələrinə, təhqir və həqarətlərə məruz qalmışdır.
Qeyd olunmuşdur ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağı ilk praktik təşəbbüs ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycana yenidən hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Ümummilli Lider ilk gündən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün bütün dünya xalqları Xocalı soyqırımı ilə bağlı həqiqətlərlə tanış olurlar. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox dövlətlərinin paytaxtlarında Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Diqqətə çatdırılmışdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, tədbir və aksiyaların davamlı keçirilməsində uğurlu bir addımdır.
Nəşrdə Xocalı soyqırımına aid konkret faktlar və fotoşəkillər bu cinayətin təkcə xalqımıza deyil, bəşəriyyətə qarşı törədildiyini bir daha təsdiqləyir.