Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilib
Bakı, 26 fevral, AZƏRTAC
Fizika, Riyaziyyat və İnformatika təmayüllü respublika liseyində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan “Xocalı qırğını, Xocalı hüznü, Vətən ağrısıdır, bu matəm günü” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev və Uşaq Birliyinin rəhbəri Nərmin Hüseynzadə tərəfindən hazırlanan tədbirdə əvvəlcə dövlət himni səsləndirilib.
Sonra şagirdlər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya təqdim edilib. Şagirdlər Xocalıda keçirilən son toy, əsir düşmüş sakinlər, vəhşicəsinə öldürülmüş və itkin düşmüş uşaqlarını axtaran ana, övladının gözü qarşısında öldürülmüş ata, şəhid olmuş əsgər cənazəsini qarşılayan ana obrazlarını canlandırıblar.