Xocalı qətliamının qurbanlarının xatirəsi Bakı sinaqoqunda yad edilib
Bakı, 27 fevral, AZƏRTAC
Bakıda Avropa yəhudiləri sinaqoqunda “YAHAD Baku” yəhudi gənclər təşkilatının tələbələri ilə birgə Xocalı qətliamının qurbanlarının xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
AZƏRTAC xəbər verir ki, sinaqoqun baş ravvini Şneor Seqal çıxış edərək deyib: “Bu gün yəhudi və Azərbaycan xalqlarını birləşdirən tarixdir. 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərində baş verən dəhşətli faciədən 31 il keçib. Biz, Azərbaycan yəhudiləri olaraq, özümüzü həmişə - həm sevincli, həm kədərli günlərdə Azərbaycan xalqının yanında hiss edirik. Bu dəhşətli faciə nəticəsində 613 nəfər həlak olub. Yəhudilərdə 613 rəqəmi ilə bağlılıq var - Tövratda cəmi 613 dini ehkam mövcuddur. Müdriklərimiz deyir: “Ner mitsva ve Tora” , yəhudilər dini ehkamları yerinə yetirəndə bu, şama bərabər hesab edilir. Biz dünyadan köçən insanları şam və ya gül ilə yad edirik. Bu, elə 613 ehkam - 613 şamdır ki, biz həlak olan insanların xatirəsini yad edirik. Bu, əlbəttə, ağır hadisədir.
Mən bir daha rəqəmlərə baxdım, orada uşaqlar var. Neçə uşaq valideynlərsiz qalıb! Elə insanlar var ki, dəfn olunub, lakin təəssüflər, onların şəxsiyyəti hələ də müəyyən olunmayıb. Bütün bunlar acınacaqlıdır. Bu insanlar kiməsə hansısa pislik etdiklərinə görə deyil, sadəcə azərbaycanlı olduqları üçün qətlə yetiriliblər. Onlar orada olan sadə dinc sakinlər idi, onları eyni səbəbə görə qətlə yetiriblər. Biz yəhudilər bunu yaddan çıxarmamalı və xalqın rifahı naminə nə edə biləcəyimizi fikirləşməliyik”.
Anma dualarının oxunması üçün mərasimə ravvin Nahşon Yunayev dəvət olunub.