Xocalı sakini: O gecəni xatırlamaq çox dəhşətlidi
Ağdam, 27 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib. Üç istiqamətdən hücuma məruz qalan Xocalıda olan təqribən 2500 nəfər sakin şəhəri tərk edərək Ağdam rayonu istiqamətində qaçmağa məcbur olub. Lakin əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilərək xüsusi qəddarlıqla məhv edilib, əsrin faciəsi törədilib. Üstündən illər ötsə də, xocalılılar hələ də o dəhşətli hadisənin ağrı-acısını yaşayır, dinc əhaliyə qarşı törədilən vəhşiliklərin təsirindən çıxa bilmirlər.
Belə insanlardan biri - faciənin şahidi, Xocalıdan olan məcburi köçkün Elyana Kərimova AZƏRTAC-a müsahibəsində 24 il əvvəl başlarına gətirilən müsibətlərdən danışaraq deyib: “Xocalı şəhəri erməni quldurları tərəfindən mühasirəyə alınmışdı. Fevralın 25-də gecə saat 11-də şəhəri atəşə tutmağa başladılar. Gecə saat 1-ə qədər gözlədik. Artıq düşmən şəhərə girmişdi. Hər tərəf od tutub yanırdı. Kömək isə gəlmirdi. Şəhəri tərk edib meşəyə qaçdıq. Meşədə ermənilər qarşımızı kəsib bizi atəşə tutdular. O gecəni xatırlamaq çox dəhşətlidi. Baş verənləri sözlə ifadə etmək olmur. Hərə bir tərəfə qaçırdı. Həmin vaxt xeyli adam, o cümlədən 15 yaşlı baldızım, böyük baldızımın yoldaşı, atamın bacısı yanımda öldürüldü. Qara qaya deyilən yerə tərəf hərəkət etdik. Burada bizi ağdamlı döyüşçülər xilas etdilər. Hava soyuq, şaxtalı idi. Əsgərlərdən biri öz çəkməsini çıxarıb donan ayaqlarıma geyindirdi. Altı yaşlı oğlumla məni Ağdama gətirdilər. Həyat yoldaşımdan və digər qohumlarımdan ayrı düşmüşdük. Onları Ağdam xəstəxanasında yaralı halda tapdım. Həmin gecə qohumlarımdan 8 nəfər öldürülüb. Baldızımın yoldaşından isə hələ də bir xəbər yoxdur”.
Hazırda Ağdam rayonunun Quzanlı qəsəbəsində məskunlaşan Elyana Kərimova düşməndən qisasını alacağı və öz ata yurduna qayıdacağı günü gözləyir.