Xocalı soyqırımı qan yaddaşımızda
Bakı, 24 fevral, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə BMU-nun rektoru səlahiyyətlərini icra edən professor Havar Məmmədov ermənilərin qəsbkarlıq siyasətinin azərbaycanlılara, ümumilikdə bütün bəşəriyyətə qarşı yonəldiyini vurğulayıb.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə düşmənin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdiyi qırğınlardan danışan rektor qeyd edib ki, bu hadisə zamanı günahsız insanlar - qocalar, qadınlar, uşaqlar qanlarına qəltan ediliblər. XX əsrin ən böyük qanlı hadisəsi olan Xocalı soyqırımı xalqımızın qan yaddaşından silinməyəcək.
Professor H. Məmmədov ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılması istiqamətində tədbirlər həyata keçirildiyini və bu işin davam etdirildiyini bildirib. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılması məqsədilə mühüm tədbirlər reallaşdırır.
Rektor Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətindən bəhs edib, ermənilər tərəfindən zəbt olunmuş torpaqlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad ediləcəyinə əminliyini vurğulayıb.
Sonra Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilib.
Tədbirdə çıxış edən digər alimlər də ermənilərin Xocalıda törətdikləri qanlı cinayətlərdən bəhs edib, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının əhəmiyyətini vurğulayıblar.