Xocalı soyqırımı qurbanlarının xatirəsi İsveçrədə anılmışdır
Bakı, 24 fevral (AZƏRTAC). Berndə “İsveçrədə Azərbaycanlıların Mədəniyyət Mərkəzi”nin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş etiraz aksiyası keçirilmişdir.
Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə elan edilən “Xocalıya Ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Bernin mərkəzi meydanlarının birində keçirilmiş tədbirdə bu ölkədə fəaliyyət göstərən diasporumuzun üzvləri, burada təhsil alan azərbaycanlı tələbələr və elmi fəaliyyətlə məşğul olan ziyalılar iştirak etmişlər.
İki saat davam etmiş aksiyada Azərbaycanın dövlət bayrağı dalğalandırılmış, “Xocalıya ədalət”, “Erməni işğalına son”, “Xocalı soyqırımında iştirak edənlər məsuliyyətə cəlb edilsin!” və digər şüarların yazıldığı plakatlar, ingilis, alman və fransız dillərində hazırlanmış müxtəlif nəşrlər, Xocalı qətliamı ilə bağlı dünya mətbuatında yayımlanmış məqalələr, habelə hadisəni əks etdirən fotoşəkillər nümayiş olunmuşdur. İsveçrədə təhsil alan tələbələrimiz və diaspor nümayəndələri tərəfindən yerli əhaliyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və xüsusilə Xocalı faciəsi ilə bağlı dolğun məlumatlar verilmiş, yaddaş vərəqələri paylanmışdır. Bundan əlavə, yerli sakinlərin və xarici turistlərin Xocalı soyqırımı barədə daha asan məlumatlandırılması məqsədilə onlara “sual-cavab” formasında hazırlanmış vərəqələr verilmişdir. Sualları doğru cavablandıran şəxslərə üzərində “Xocalıya Ədalət” kampaniyasının internet səhifəsi - “www.justiceforkhojaly.org” yazılan suvenirlər təqdim edilmişdir.
Sonda meydanda “Xocalı - 613” yazısını əks etdirən şamlar yandırılmış və soyqırımı şəhidlərinin xatirəsi yad olunmuşdur.