Xocalı soyqırımına həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışlar
Bakı, 24 fevral (AZƏRTAC). Fevralın 24-də Gəncliyə Yardım Fondunda (GYF) Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Bakı şəhər orta ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur.
AZƏRTAC xəbər verir ki, mərasimdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Daha sonra Xocalı faciəsi ilə bağlı videoçarx nümayiş etdirilmişdir.
Tədbirdə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Rasim Mirzəyev, GYF-nin icraçı katibi Nəcməddin Akbulut, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlu çıxış edərək ermənilərin 20 il əvvəl Xocalıda törətdikləri soyqırımı haqqında danışmışlar. Bu hadisənin XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri olduğu diqqətə çatdırılmışdır.
Çıxış edənlər Xocalıda törədilmiş soyqırımının insanlığa qarşı bəşəri bir cinayət olduğunu vurğulamış, dünya birliyini və beynəlxalq təşkilatları bu qanlı qırğına hüquqi-siyasi qiymət verməyə çağırmış, şəhidlərin qanının yerdə qalmayacağına inamlarını ifadə etmişlər.
Xüsusi vurğulanmışdır ki, gənclərimiz qan yaddaşımız olan Xocalı faciəsini unutmamalı, soyqırımı faktının dünya ictimaiyyətinə çatdırılması üçün çalışmalı, ölkəmizin ərazi bütövlüyünü hər zaman müdafiə etməyə hazır olmalıdırlar.
Tədbirdə Xocalı soyqırımını dünya ictimaiyyətinə tanıtmaq üçün elektron aksiya keçirilmişdir. Faciə ilə bağlı beynəlxalq təşkilatların e-mail ünvanlarına məlumatlar göndərilmiş, gənc rəssamların rəsm işlərindən ibarət sərgi nümayiş etdirilmişdir.
Tədbirin sonunda müsabiqənin qalibləri mükafatlandırılmışlar.
BŞGİBİ-nin keçirdiyi müsabiqənin məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, gənc nəsildə Vətənə sevgi hisslərinin aşılanması, Azərbaycan tarixinin təbliğ edilməsi, məktəblilərin dünyagörüşünün genişləndirilməsi, istedadlı şagirdlərin üzə çıxarılması olmuşdur.