Xocalı soyqırımının növbəti ildönümü dünyanın bir çox ölkələrində qeyd olunacaq
Bakı, 13 fevral, AZƏRTAC
Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar Azərbaycanın xaricdəki diaspor təşkilatları geniş təbliğat kampaniyasına başlayıb.
Diasporla İş Üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Xocalı soyqırımının 23-cü ildönümü bu il dünya ölkələrində yaşayan soydaşlarımız, Azərbaycan diaspor təşkilatları tərəfindən daha geniş miqyasda qeyd olunur. Soydaşlarımız bu tədbir və aksiyalarla 23 il əvvəl Azərbaycan xalqının məruz qaldığı qətliamı, erməni vəhşiliklərini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırmağa çalışacaqlar. Azərbaycan diaspor təşkilatları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlamış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasında da aktiv iştirak edəcəklər.
Nyu-York şəhərində, BMT-nin mənzil qərargahının, Vaşinqtonda isə Ermənistan səfirliyinin qarşısında etiraz aksiyalarının keçirilməsi, Los-Anceles, San-Fransisko, Hyuston, eləcə də digər şəhərlərdə yerli və xarici gənclər arasında faciə ilə bağlı debatların, konfransların, “dəyirmi masa”ların və anma mərasimlərinin təşkili planlaşdırılıb.
Almaniya, Niderland, Belçika, Danimarka, İsveçrə, Polşa, İsveç, Finlandiya, Latviya, Litva, Estoniya, Rumıniya, Macarıstan, Çexiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən Xocalı soyqırımına həsr olunan müxtəlif səpkili tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Avropanın bir sıra şəhərlərinin mərkəzi küçə və meydanlarında yürüş, etiraz aksiyaları keçiriləcək, bəzi şəhərlərin ictimai nəqliyyatında Xocalı soyqırımından bəhs edən videoçarx, fotosərgilər nümayiş etdiriləcək, fotostendlər qurulacaq. Bundan başqa, bir sıra ölkələrin yerli kütləvi informasiya vasitələrində Xocalı soyqırımının ildönümünə həsr edilən materialların dərc olunması nəzərdə tutulub.
Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar Rusiyanın, Ukraynanın bir çox bölgələrində, Belarusda və Moldovada da faciəyə həsr olunan silsilə tədbirlər keçiriləcək. Həmçinin Türkiyə, Gürcüstan, Qazaxıstanda geniş təbliğat kampaniyasının aparılması planlaşdırılıb.