“Xocalı” tamaşası nümayiş olunmuşdur
Bakı, 22 fevral (AZƏRTAC, Türkan Abdullayeva). Fevralın 22-də Nizami rayonundakı 129 nömrəli məktəbdə Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilmiş anma tədbirində şairə Zərəngiz Dəmirçi Qayalının “Cavab ver” poeması əsasında səhnələşdirilmiş “Xocalı” tamaşası nümayiş olunmuşdur.
Tamaşanı Bakı Uşaq Teatrı nəzdində fəaliyyət göstərən “Günay” Uşaq Teatrının yeniyetmə kollektivi təqdim etmişdir.
Quruluşçu rejissoru Larisa Tarusova, baletmeysteri Günəş Talıblı olan tamaşada əsas rolları Leyla Yunusova, Əli Əliyev, Ləman Abbaszadə və başqaları ifa etmişlər.
Məktəbin foyesində Nizami rayonunda yerləşən məktəblərin şagirdlərinin Xocalı soyqırımını əks etdirən əl işlərindən ibarət sərgi nümayiş olunmuşdur.
Tədbirdə Nizami rayonunun icra hakimiyyətinin nümayəndələri, ictimaiyyət xadimləri və məktəbin kollektivi iştirak etmişdir.