“Xocalı” tamaşası nümayiş olunub
Bakı, 27 fevral, Aynur İsmayılova, AZƏRTAC
Fevralın 27-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin konfrans zalında Xocalı faciəsinə həsr edilmiş “Xocalı” tamaşası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, icra hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və başqaları Xocalıda baş verən dəhşətlərdən söz açıblar.
Bildirilib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı bir hadisədir. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlarla müşayiət olunub.
Sonda Bakı Uşaq Teatrı nəzdində fəaliyyət göstərən “Günay” uşaq teatrının ifasında şair-publisist, AZƏRTAC-ın müxbiri Zərəngiz Dəmirçi Qayalının “Cavab ver” poeması əsasında səhnələşdirilmiş “Xocalı” tamaşası nümayiş olunub.
Tamaşanın quruluşçu rejissoru Larisa Tarusova, baletmeysteri Günəş Talıblıdır.
Səhnə əsərində Xocalı obrazı döyüşən tərəf deyil, təcavüzə, əsl genosidə, soyqırımına məruz qalan tərəfdir. Buna baxmayaraq tamaşa nikbin sonluqla başa çatıb.
Sonda Xalq Artisti Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səsləndirilib.