Xocalılar ağlasığmaz vəhşiliyin qurbanı olublar
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bu ali təhsil ocağının Heydər Əliyev lektoriyası və dillər kafedrasının təşkilatçılığı ilə “Ruhlar şəhəri - Xocalı” mövzusunda tədbir keçirilib.
ATMU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin rektoru vəzifəsini icra edən Eldar Aslanov zaman-zaman ermənilər tərəfindən törədilən qətliamların xalqımızın yaddaşında əbədi həkk olunduğunu deyib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən dəhşətli faciənin tarixi köklərini xronoloji ardıcıllıqla şərh edən E.Aslanov vurğulayıb ki, həmin gecə xocalılar ağlasığmaz vəhşiliyin qurbanı olublar. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilib. Bu gün eyni siyasət dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
ATMU-nun ictimai fənlər kafedrasının dosenti, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı vurğulayıb ki, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ilin fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib.
Xocalı soyqırımının miqyasından bəhs edən ATMU-nun dosentləri Kəmalə Kərimova, Sədaqət Mustafayeva, İzzət Əfəndiyev rus-erməni hərbi birləşmələri tərəfindən məhz o gecə təxminən 8 saat ərzində soydaşlarımızın xüsusi qəddarlıqla qətlə yetirildiyini diqqətə çatdırıblar.
Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan qısametrajlı film göstərilib, bir sıra dillərdə nəşr edilən sənədli və bədii əsərlər sərgilənib.