Xorvatiya və Azərbaycan münasibətləri barədə məqalə nəşr edilib
Zaqreb, 10 iyun, AZƏRTAC
Xorvatiyada nəşr olunan və geniş oxucu kütləsinə malik “Milli Diplomatiyanın Səsi” (Glas Narodne Diplomacije) jurnalının iyun buraxılışında Azərbaycanın bu ölkədəki səfirliyinin fəaliyyəti və keçirdiyi tədbirlər barədə məqalə, həmçinin səfir Fəxrəddin Qurbanovun geniş müsahibəsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Xorvatiya və Azərbaycan arasında mövcud olan yüksək səviyyəli münasibətlərin bariz nümunəsi olaraq, səfirliyin keçirdiyi tədbirlərdə Xorvatiya sabiq prezidentləri Stepan Mesiç və İvo Yosipoviçin mütəmadi iştirakları qeyd olunub. Müsahibədə Azərbaycan Xorvatiya münasibətlərinin son illərdə davam edən inkişaf yolu və iki ölkə arasında mövcud olan strateji əməkdaşlıq, Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzü və BMT Təhlükəsizlik Şurasının 4 Qətnaməsini icra etməməsi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın öz ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etməsi, münaqişənin bitməsi və münaqişə sonrası vəziyyət, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları haqqında məlumat verilib. Eyni zamanda, Cənub Qaz Dəhlizinin əhəmiyyəti və Azərbaycanın Avropanın enerji təhlükəsizliyi üçün mühüm mövqeyindən bəhs edilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb