XRİTDX-nin nümayəndə heyəti Rumıniyada beynəlxalq tədbirlərdə iştirak edir
Bakı, 26 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Buxarestdə işə başlayan Kiber-diplomatiya üzrə beynəlxalq konfrans və Kritik İnfrastrukturlarının Qorunması Beynəlxalq Forumunda iştirak etmək üçün Rumıniyada səfərdədir.
XRİTDX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə Avropa ölkələrinin bu sahə üzrə rəhbər şəxsləri, dövlət və özəl sektorların rəhbərləri, müxtəlif dövlətlərin diplomatik nümayəndələri və informasiya təhlükəsizliyi üzrə ekspertlər iştirak edirlər.
XRİTDX-nin idarə rəisi Tural Məmmədov hər iki tədbirdə kiber-diplomatiya və rəqəmsal erada yeni perspektivlər, kritik infrastrukturların mühafizəsinə qarşı yeni təhdidlər, kritik infrastrukturda kiber-risklərin idarə olunması barədə təqdimatla çıxış edib.
Forumda qlobal təhlükələr və beynəlxalq əməkdaşlıq, transmilli korporasiyalar, elm və vətəndaş cəmiyyəti kimi aktorlarla koordinasiya və əməkdaşlıq səviyyəsinin yüksəldilməsi mövzuları müzakirə olunub.
Nümayəndə heyəti tərəfdaş ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində bir sıra ikitərəfli görüşlər keçirib.