XÜSUSİ ƏMƏLİYYAT KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Komitəsi sədrinin "Aksizli malların qaçaqmalçılığına qarşı mübarizənin gücləndirilməsi haqqında" əmrinin icrası ilə əlaqədar Sumqayıt gömrükxanasının fəaliyyət zonasında xüsusi əməliyyat keçirilmişdir. 2 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları ilə birgə aparılan yoxlama zamanı Sumqayıt şəhəri və Abşeron rayonunun ayrı-ayrı ticarət obyektlərində aksiz markasız və ya saxta aksiz markaları olan 155 ədəd tütün məmulatı, 28 ədəd spirtli içkilər aşkarlanmış, 130 ədəd tütün məmulatları sahibsiz mal kimi götürülmüşdür. Yoxlama nəticəsində tapılan nöqsanlara görə akt tərtib olunmuş və mallar müsadirə edilərək götürülmüşdür.