XX ƏSRİN ƏN MÜHÜM HADİSƏLƏRİNƏ DAİR TELESERİAL ÇƏKİLƏCƏKDİR
Martin 25-də “İSR plaza” mehmanxanasında XX əsrin ən mühüm hadisələri barədə teleserialın çəkilişi layihəsinin təqdimatı olmuşdur.
“Azərbaycanda dünya kinosunun yüz illiyi fondu”nun və YUNESKO-nun Azərbaycan üzrə milli komissiyasının birgə keçirdikləri təqdimat mərasimində xarici işlər naziri, Azərbaycanın YUNESKO üzrə milli komissiyasının sədri Vilayət Quliyev çıxış edərək bəşər tarixinin müəyyən mərhələsi olan XX əsrin ən mühüm hadisələrindən bəhs edəcək teleserialın çəkilməsi təşəbbüsünü yüksək dəyərləndirdi. Layihənin müəllifi, görkəmli kinodramaturq Rüstəm İbrahimbəyova və bu serialın çəkilməsi barədə təşəbbüsü dəstəkləyən YUNESKO-nun rəhbərliyinə təşəkkürünü bildirdi.
Layihənin təqdimat mərasimində YUNESKO-nun məsul işçisi Henrix Yuşkiaviçyus, kinodramaturq Rüstəm İbrahimbəyov, Moskvada nəşr edilən “Tarix məsələləri” jurnalının baş redaktoru, Rusiya Federasiyası Elmlər Akademiyasının müxbir üzvü Əhməd İskəndərov, məşhur kinorejissor Kosta Qavras /Fransa/, ssenarist Georgi Branev \Bolqariya\, xanım Daqma Skopalik \Almaniya\, yazıçı Oljas Suleymenov, moskvalı iş adamı Araz Ağalarov və başqaları çıxış etdilər. Onlar bildirdilər ki, çəkilməsi nəzərdə tutulan serialda bəşəriyyətin ötən əsrdə rastlaşdığı problemlər, dünyada baş verən kataklizmlər əhatə olunmalı, qloballaşma proseslərinin sürətlə inkişaf etdiyi hazırkı dövrdə tolerantlıq, xalqlar və millətlər arasında ünsiyyət və əməkdaşlıq, bəşəriyyəti təhlükələrdən qorumaq kimi mühüm məsələlər qabarıq verilməli, ön plana çəkilməlidir.
Mərasimdə həmçinin teleserialın çəkilişi mərhələləri, filmin strukturu, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq, tarixi hadisələrin seçilməsi qaydaları, filmin yaradıcıları arasında əlaqələr, maliyyə mənbələrinin müəyyənləşdirilməsi, inzibati qrupun yaradılması və sair məsələlər müzakirə edildi.
Bəşəriyyətin XX əsr tarixindən bəhs edəcək filmin çəkilişinə dünyanın bütün bölgələrindən olan məşhur kino xadimləri, yazıçılar, rejissorlar və aktyorlar cəlb ediləcəkdir. Bütün qitələrin kinematoqrafiya mərkəzləri və məktəbləri texniki və ləvazimat baxımından bu serialın çəkilişinə yardım etməyə dəvət olunacaqlar. Filmin əsas qayəsi insanlarda dözümlülük, qeyri-zorakılıq, insan hüquqları və ətraf mühitə qayğı hisslərini gücləndirməkdən ibarətdir.