Yalçın Rəfiyev: Azərbaycan dialoq və körpü quran ölkə kimi mövqeyini təsdiqləyir VİDEO
Bakı, 5 fevral, AZƏRTAC
Qoşulmama hərəkatı siyasəti müasir dünyada yalnız hərbi bloklara qoşulmamaq deyil, eyni zamanda, real müstəqillik anlayışını ifadə edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev “II Qoşulmama Hərəkatı Gənclər Həftəsi”nin açılışında çıxışı zamanı deyib.
Yalçın Rəfiyev qeyd edib ki, qoşulmama hərəkatı bu gün ölkələrin öz resurslarına əsaslanaraq gələcəyini formalaşdırması, gənclərə strateji sərmayə yatırması və cəmiyyətin inkişafında onları əsas dəyər kimi görməsi deməkdir.
Nazir müavini iqtisadi müstəqilliyin və konstruktiv tərəfdaşlıqların əhəmiyyətinə toxunaraq bildirib ki, müasir dövrdə iqtisadi qarşılıqlı asılılıq bəzən siyasi alətə çevrilir ki, bu da beynəlxalq əməkdaşlığın təməl prinsiplərinə ziddir.
Yalçın Rəfiyev qeyd edib ki, Azərbaycan hər zaman dialoq, çoxtərəflilik və diplomatik həll yollarının tərəfdarı olub və bu mövqe praktiki addımlarla da təsdiqlənib. O, COP29 çərçivəsində Bakıda iqlim maliyyəsi üzrə əldə olunan razılaşmanı Azərbaycanın körpü quran və etibarlı vasitəçi rolunun bariz nümunəsi kimi qiymətləndirib.
Nazir müavini əlavə edib ki, Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi mühüm mərkəzə çevrilib. O, bu il ölkəmizdə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun, UNESCO-nun tədbirlərinin, İslam İnkişaf Bankının illik toplantısının, Ümumdünya Ətraf Mühit Gününün, UNFCCC Planet Həftəsinin və digər nüfuzlu beynəlxalq platformaların təşkil olunacağını diqqətə çatdırıb.