Yanğın təhlükəsizliyi normalarını pozduğu üçün obyektin fəaliyyəti dayandırılıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri çərçivəsində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Nəsimi rayonu, Tbilisi prospekti, 44C ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının avtodayanacaq mərtəbəsində fəaliyyət göstərən avtomobil təmiri sexində yoxlama aparılıb. Sexdə yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Məlum olub ki, hündürmərtəbəli yaşayış binasının avtodayanacağında yerləşən obyektin elektrik naqilləri müvəqqəti asma yolu ilə çəkilib və nasaz elektrik qurğularından, üst örtüyü zədələnmiş elektrik naqillərindən istifadə edilib. Eyni zamanda, avtomatik yanğınsöndürmə qurğuları nasaz vəziyyətdədir, odsöndürən balonların tərkibi isə yenisi ilə əvəz olunmayıb, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib. Mövcud avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusuna ixtisaslaşmış lisenziyalı təşkilatlar tərəfindən illik texniki baxış keçirilməsi barədə müvafiq sənəd təqdim edilməyib, obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edildiyi üçün avtomobil təmiri sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.