YAP nümayəndə heyəti Vyetnamda bir sıra görüşlər keçirib
Hanoy, 11 dekabr, AZƏRTAC
Vyetnam Kommunist Partiyasının dəvəti ilə bu ölkədə rəsmi səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti səfərinin ikinci günündə ölkənin bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirib.
Vyetnam Kommunist Partiyası Hanoy şəhər komitəsi birinci katibinin müavini xanım Nqo Than Xanq, Vyetnnamın xarici işlər nazirinin müavini Vu Hong Nam, Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Azərbaycan Dövlət Universitetinin məzunu Nqiem Vu Xay və onun müavinləri ilə görüşlər keçirilib.
Bundan başqa, YAP Gənclər Birliyinin sədri Seymur Orucov Xo Şi Min adına Vyetnam Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinin birinci katibi Nquten Daç Vinlə görüşüb.
Görüşlərdə Vyetnam ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı səfərlərin davam etdirilməsi, həmçinin ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Bütün görüşlər barədə yerli telekanallarda geniş reportajlar verilib.
Nümayəndə heyətinə YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP İcra katibliyinın siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə və YAP Gənclər Birliyinin sədri Seymur Orucov daxildirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Hanoy