DÜNYA
Yaponiya Bankı monetar siyasətin zəiflədilməsi istiqamətində əlavə addımlar atır
Tokio, 28 aprel (AZƏRTAC). Yaponiya Bankı deflyasiyanın qarşısını almağa istiqamətlənmiş aktivlərin əldə edilməsi barədə proqramını genişləndirir. Bu məqsədilə Bank monetar siyasətini zəiflətmək istiqamətində müvafiq addımlar atır.
Direktorlar şurasının aprelin 27-də keçirilmiş iclasında Bank proqramın beş trilyon yen (təqribən 62 milyarda dollar) genişləndirilməsi məqsədilə müvafiq qərar qəbul edərək, ümumi
məbləği 70 trilyon yenə (860 milyard dollar) çatdırmışdır.
Ölkə iqtisadiyyatında hazırda yaranmış vəziyyət barədə rəylərini dəyişməyən şura üzvləri belə qənaətə gəlmişlər ki, vəziyyət dəyişməz qalsa da yaxşılığa doğru irəliləyişin əlamətləri hiss edilməkdədir.
İclasda ötən ilin martındakı təbii fəlakətdən sonra bərpa işləri ilə əlaqədar istehlakçı tələbatının səviyyəsinin artdığı, həmçinin ev təsərrüfatlarının istehlak səviyyəsinin sabitləşdiyi qeyd edilmişdir.
İclas iştirakçıları belə yekdil rəyə gəlmişlər ki, istehlak qiymətlərinin bir faiz artırılması ilə bağlı hələ müəyyən qədər gözləmək lazımdır.
Yaponiya Bankı ölkəni deflyasiyadan çıxarmaq üçün qarşıya məhz bu məqsədi qoymuşdur.
Cari ilin fevralından başlayaraq Yaponiya Bankı monetar siyasətin zəiflədilməsi məqsədilə ikinci dəfə müzakirələr aparmışdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio