Yaponiya Evi "Dizayn və həyatın vəhdəti” adlı sərgini təqdim edir
Bakı, 30 yanvar, AZƏRTAC
“Yaponiya Dizayn Muzeyi: dizayn və həyatın vəhdəti” sərgisi Yaponiyanın müəyyən bölgəsinin dizayn mədəniyyətini əks etdirən altı aparıcı Yapon təsviri sənət ustasının yaradıcılığını nümayiş etdirir. Sərgidə adətən ictimai dizaynın nəticəsi olan layihələr, onların yaranma tarixçəsi, bölgə ilə əlaqəsi və araşdırmanı həyata keçirən dizayn mütəxəssislərinin fikirləri təqdim olunur.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, sərgi aprelin 14-dək Los-Ancelesdəki Yaponiya Evində nümayiş olunur. Dünyada məşhur olan altı yapon dizayneri - Tamae Hirokava, Tetsuya Midzuquti, Reyko Sudo, Kinya Taqava, Tsuesi Tane və Koitiro Tsudzikava məhsul dizaynından film və video istehsalına, geyim və tekstil istehsalından video oyun dizaynına və memarlığa qədər dizayn təcrübəsinin müxtəlif sahələrində çalışırlar.
Onlar Yaponiyanın müxtəlif bölgələrinə və məkanlarına xas olan yaradıcılıq estetikasını tədqiq ediblər. Hər bir sənət mütəxəssisi Yaponiyanın prefekturalarından birində toplanmış nümunələri öz hekayələri və təsviri sənət əsərləri ilə birlikdə Yapon yaradıcılığını nümayiş etdirən “Səyyar Dizayn Muzeyi”nə təqdim edib.
Sərgiyə gələnlər heyrətamiz sənət nümunələrinin yaradıcıları və onların dizayn təcrübələri ilə tanış olacaqlar.