Yaponiya “Fukusima-1” AES-dən suyun Sakit okeana axıdılmasının üçüncü mərhələsinə başlayır
Bakı, 2 noyabr, AZƏRTAC
Yaponiya “Fukusima-1” AES-dən təmizlənmiş suyun okeana axıdılmasının üçüncü mərhələsinə başlayıb. Noyabrın 2-də başlayan bu mərhələdə təxminən 7800 ton suyun axıdılması gözlənilir.
AZƏRTAC xəbər verir ki, avqustun 24-də Yaponiya “Fukusima-1” AES-də 2011-ci il martın 11-də baş vermiş zəlzələ və sunamidən sonra sıradan çıxmış üç reaktorun aktiv zonalarının soyudulması üçün istifadə edilmiş suyun Sakit okeana axıdılmasına başlayıb. Bu, əsasən, yağış və yeraltı sular, Yaponiyanın qəzalı “Fukusima-1” AES-in operatoru olan TERSO şirkətinin ərazisində uzun müddət nəhəng çənlərdə saxlanılıb və çox yüksək konsentrasiyalı dozalarda təhlükəli olan tritiy istisna olmaqla, bütün radioaktiv maddələrdən təmizlənib.
Sakit Okeana axıdılmazdan əvvəl çirklənmiş qrunt suları tritiy istisna olmaqla, onlarca radioizotopu ayıra bilən “Advanced Liquid Processing System” (ALPS) filtrasiya sistemindən keçir.
Okeana axıdılma Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) tərəfindən təsdiq edilib, lakin bu prosesin başlanması Yaponiya ilə Çin arasında diplomatik böhrana səbəb olub. Belə ki, Çin avqustun axırlarında Yaponiya dəniz məhsullarının bütün idxalını dayandırıb.
Ümumilikdə, Yaponiya tədricən, 2050-ci illərə qədər “Fukusima-1”dən Sakit okeana 1,3 milyon kubmetrdən çox suyun axıdılmasını planlaşdırır ki, bu da 540 olimpiya hovuzuna bərabərdir.