CƏMİYYƏT
Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Hacıqabul rayonunun Abdulabad kəndində tibb məntəqəsi istifadəyə verilmişdir
Hacıqabul, 1 fevral (AZƏRTAC). Fevralın 1-də Yaponiya hökumətinin ölkəmizdə həyata keçirdiyi “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçirilən “Hacıqabul rayonunun Abdulabad kəndində tibb məntəqəsinin tikintisi” layihəsinin başa çatması ilə bağlı mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın ölkəmizdəki səfirliyi ilə Azərbaycan Uşaqlar Birliyi arasında 2012-ci il sentyabrın 24-də imzalanmış qrant sazişi əsasında həyata keçirilən layihənin ümumi dəyəri 115 min 131 ABŞ dolları təşkil edir.
Layihənin məqsədi Hacıqabul rayonunun Abdulabad kəndində yeni tibb mərkəzi tikməklə həmin kəndin və ona qonşu olan digər iki kəndin sakinlərinə göstəriləcək səhiyyə xidmətinin səviyyəsini yaxşılaşdırmaqdır. Bu layihədən 7 min nəfər faydalanacaqdır.
Bütövlükdə 145 kvadratmetr sahəni əhatə edən, 6 otaqdan və iki sanitar qovşaqdan ibarət yeni səhiyyə ocağında 7 nəfər tibb işçisi çalışacaqdır.
Bu məqsədlə Abdulabad kəndində keçirilən mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, layihənin rəhbəri Ayxan Nəsirli, səhiyyə işçiləri və ictimaiyyətin nümayəndələri çıxış edərək kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etmiş, regionlarda sosial məsələlərin həllinə göstərilən maliyyə dəstəyinə görə Yaponiya hökumətinə minnətdarlıqlarını bildirmişlər.
Qeyd olunmuşdur ki, Yaponiya hökumətinin ölkəmizdə həyata keçirdiyi “Ot kökləri və insan Təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində Hacıqabul rayonunda hazırkı da daxil olmaqla 2 layihə həyata keçirilmişdir.
Birinci layihə çərçivəsində 2007-ci ildə Hacıqabul rayonunun Kürsulu kəndində ümumi dəyəri 85 min 462 ABŞ dolları olan məktəb binası tikilərək istifadəyə verilmişdir.