YAPONİYANIN DÖVLƏT BORCU REKORD SƏVİYYƏYƏ ÇATMIŞDIR
Ölkənin onsuz da böyük məbləğdə olan dövlət borcu ötən ilin sentyabr-dekabr aylarında daha iki faizə qədər artmışdır. Beləliklə, Yaponiyanın hər bir sakininin payına təqribən 55 min dollar borc düşür.
Yaponiyanın dövlət borcu dünyanın sənayecə inkişaf etmiş hər hansı ölkəsindəkindən yüksək olub, ümumi milli məhsulun, əslində, 160 faizini təşkil edir. Proqnozlara görə, martın 31-də başa çatacaq cari maliyyə ilinin axırlarında yerli hakimiyyət orqanlarının borcları nəzərə alınmaqla, ümumi borc 1 kvadrilyon yenə çatacaqdır.
Yaponiya hökuməti artıq neçə ildir dövlətin maliyyə işlərini qaydaya salmağa çalışır. Bu il büdcənin məxaric hissəsinin xeyli azaldılacağı gözlənilir.
Analitiklər vəziyyətin daha da ağırlaşacağından narahatdırlar. Hökumətin martın 27-də parlament tərəfindən qəbul ediləcək yeni büdcə planı 30 trilyon yen məbləğində əlavə dövlət istiqrazlarının buraxılmasını nəzərdə tutur. Yaponiya Mərkəzi Bankı milli iqtisadiyyatın süni surətdə dəstəklənməsi siyasətindən imtina etmişdir. Çünki bu siyasət özəl banklara iri kreditlər üçün bolluca vəsaitə sahib olmaq imkanı verirdi ki, bu da inflyasiyaya gətirib çıxarırdı.