Yaroslav Kovalçuk: Azərbaycan məhsulları haqlı olaraq yüksək keyfiyyəti ilə seçilir
Bakı, 8 may, AZƏRTAC
Belarus ilə Azərbaycan arasında birja vasitəsilə ticarət əlaqələrinin qurulması daha faydalı və səmərəlidir. Birjalarda həyata keçirilən əməliyyatlar daha şəffaf olur və kommersiya risklərini azaldır. Bu baxımdan Belarus Universal Əmtəə Birjası (BUƏB) Azərbaycandan olan ixracatçıların sayının artırılması məsələsini nəzərdən keçirir.
Bu sözləri BUƏB beynəlxalq iqtisadi fəaliyyət idarəsinin rəhbəri Yaroslav Kovalçuk AZƏRTAC-a açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, bəzi hallarda Azərbaycandan və digər ölkələrdən olan müəssisələr qiymət gözləntilərinin uyğun gəlməməsi səbəbindən ticarət prosesesində iştirak etmirlər.
“Lakin birja mexanizminin xüsusiyyəti ondan ibarətdir ki, qiyməti məhz iştirakçılar formalaşdırır və hər bir şirkətin aktivliyi qiymətin formalaşmasına birbaşa təsir edir. BUƏB iştirakçıları başqa təkliflər də irəli sürmək imkanına malikdirlər və bu proses bir neçə mərhələdə həyata keçirilir. Əgər siz çatdırılma şərtləri, qiymət, həcm və ya digər parametrlərdən razı deyilsinizsə, ticarət zamanı həm satıcılara, həm də alıcılara birbaşa öz şərtlərinizi təklif edə bilərsiniz. BUƏB-də 83 ölkədən təsərrüfat subyektləri akkreditasiyadan keçib və aktiv şəkildə ticarətdə iştirak edirlər. Belarus və Azərbaycan arasında ticarətin əsasını ənənəvi olaraq metal məhsullar təşkil edir, lakin biz kənd təsərrüfatı məhsullarına marağın da davamlı şəkildə artdığını görürük. Bizim başlıca məqsədimiz Azərbaycan ixracatçılarının Belarus bazarına daha fəal cəlb etməkdən ibarətdir. Azərbaycan məhsulları haqlı olaraq yüksək keyfiyyəti ilə seçilir. Bizim bazarlarda Azərbaycandan idxal olunan pomidor keyfiyyətin rəmzinə çevrilib.
BUƏB Azərbaycandan pambıq lifinin idxalında maraqlıdır. Digər məhsullarla yanaşı biz Azərbaycanın pambıq lifinə də yüksək maraq göstəririk. Əgər Azərbaycan şirkətləri BUƏB-də qeydiyyatdan keçib satışa məhsul çıxartsa mütləq alıcı tapacaq”, - deyə Y.Kovalçuk sözlərinə əlavə edib.