“Yaşıl gələcək naminə” yaşıllaşdırma aksiyası Oğuz və Qəbələ rayonlarında davam etdirilib
Bakı, 15 iyul, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində reallaşdırdığı “Yaşıl gələcək naminə” yaşıllaşdırma aksiyası iyulun 12-də Oğuz və Qəbələ rayonlarında yerləşən dini ibadət yerlərinin (məscid, kilsə, sinaqoq) ətrafında davam etdirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, din xadimlərinin, eləcə də İslam və qeyri-islam dini icmaların nümayəndələrinin iştirak etdikləri yaşıllaşdırma aksiyasında adıçəkilən rayonlardakı dini ibadət evlərinin ətrafında abadlıq, yaşıllaşdırma işləri aparılıb, ağac və gül kolları əkilib.
Qeyd edək ki, “Yaşıl gələcək naminə” aksiyası cəmiyyətdə ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsinə, ətraf mühitin və ictimai məkanların abadlaşdırılmasına töhfə verməklə yanaşı, müxtəlif konfessiyalara mənsub dini icma üzvlərini ümummilli məsələ ətrafında birləşdirmək, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək məqsədi daşıyır.