Yaxın vaxtlarda Azərbaycanda seysmik stansiyaların sayı 84-ə çatacaq
Bakı, 29 mart, AZƏRTAC
Yaxın vaxtlarda Azərbaycanda seysmik stansiyaların sayı 84-ə çatacaq.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, bunu mərkəzin seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli Elm Gününə həsr olunmuş konfrans-sərgidə deyib.
“Bu gün Azərbaycanda ən müasir seysmik cihazlar var. Həmin stansiyalar peyk vasitəsilə məlumatları şəbəkəyə ötürürlər”,- deyən şöbə müdiri yerin təkində gedən geodinamik proseslərin də müxtəlif cihazlar vasitəsilə öyrənildiyini qeyd edib.
Həmçinin o, çıxışında Azərbaycanda seysmologiya sahəsinin inkişafında dövlətin dəstəyinin böyük olduğunu qeyd edib. Onun sözlərinə görə, 2000-ci il noyabrın 25-də Bakıda baş verən güclü zəlzələdən sonra ulu öndər Heydər Əliyevin göstərişi ilə ölkəmizə ən müasir seysmik stansiyalar alınıb gətirilərək quraşdırılıb. Prezident İlham Əliyevin də hər zaman bu sahəyə böyük diqqət göstərdiyini qeyd edən alim ölkəmizdə seysmik monitorinq şəbəkəsinin genişləndiyini və hazırda 62 seysmik stansiya məlumatları əsasında seysmik tədqiqatların aparıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, yaxın vaxtlarda seysmik stansiyaların sayı 84-ə çatacaq.