REGİONLAR
Yaxşı ki, Yaxşılar var...
Saatlı, 31 yanvar, AZƏRTAC
“Yurd həsrəti başqa bir hissdir. Allah heç kəsi el-obasından aralı salmasın. Sürgün illəri yadıma düşəndə indi də ürəyimin başı göynəyir”, - deyən 105 yaşlı Ahıska türkü Yaxşı Nəcimova ömrünün arxada qalan illərini bir daha yada salır.
AZƏRTAC xəbər verir ki, Yaxşı nənə 24-25 yaşlarında ikən doğma yurdundan - Gürcüstanın Adıgün bölgəsindən Qazaxıstana sürgün edilib. 1959-cu ildə isə Azərbaycana pənah gətirib. Əvvəlcə Qax rayonuna, 1961-ci ildə isə Saatlının Şirinbəyli kəndinə köçüb.
Yaxşı ki, yaxşılar var... Yaxşı nənə də qarşısına çıxan xeyirxah insanlar sayəsində Şirinbəyli kəndini özünə əbədi məskən seçib. Burada ev-eşik, təsərrüfat sahibi olub.
Yaxşı nənə dünyanın astarını-üzünü görüb. Əkin vaxtı əkinə, biçin vaxtı biçinə gedib. Gündüzlər tarlada, axşamlar evdə işləyib. Çiyninə səhəng alıb su gətirib, çalqu götürüb həyət süpürüb, pal-paltar yuyub, ocaq çatıb, qazan asıb, təndirə çörək yapıb. Onun bişirdiyi çörəyin ətri uzaqdan adamı iştaha gətirərdi, bişirdiyi mantıya isə söz ola bilməzdi. İndi ayaqlarında problem olduğundan bu işlərdən bir qədər uzaq düşüb. Əvəzində özünün bacarığını qızlarına, gəlinlərinə aşılayıb.
İki əsrin şahidi olan Yaxşı Nəcimova dünyaya 9 övlad gətirib. Hazırda 4 oğlu, 4 qızı, 50-yə yaxın nəvə-nəticəsi var. Övladlarının, nəvə-nəticələrinin sayını itirsə, adlarını unutsa da, onların qayğısı ilə əhatə olunub.
O, fevralın 7-də keçiriləcək prezident seçkilərində Saatlının ən yaşlı seçicisi olacaq. “Bu qədər yaşamaq hamıya nəsib olmur. Ona görə taleyimdən razıyam. Ömür möhlətim nə qədərdir, bundan sonra nə qədər yaşayacağam, bilmirəm. Bir arzum var, təki əmin-amanlıq olsun, mehribanlıq hökm sürsün, dünya bir də çalxalanmasın”, - deyir Yaxşı nənə.