ELM VƏ TƏHSİL
“Yeni çağırışlar”da xoşbəxt məktəblər və liderliyin psixologiyası barədə danışılacaq
Bakı, 10 iyun, AZƏRTAC
İyunun 23-də “Yeni çağırışlar” müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.
Bu barədə AZƏRTAC-a “T-Network”dan məlumat verilib. Bildirilib ki, proqramın budəfəki qonağı Harvard Universitetinin müəllimi, Xoşbəxtlik Araşdırmaları Akademiyasının həmtəsisçisi və baş direktoru Tal Ben Shahar olacaq. Xoşbəxtlik və liderlik üzrə dünyada tanınan yazıçı və müəllim ilə xoşbəxt məktəblər və liderliyin psixologiyası barədə danışılacaq.
Tal Ben Shahar, həmçinin Xoşbəxt Məktəb proqramlarının yaradıcısıdır. Harvard Universitetində keçdiyi pozitiv psixologiya və liderliyin psixologiyası dərsləri ilə Harvard tarixində ən çox tələbəsi olan müəllim kimi tanınır. Kolumbiya Universitetində də dərs deyib. O, 30-dan çox dilə tərcümə olunan “Xoşbəxtlik araşdırmaları: giriş”, “Daha xoşbəxt”, “İstədiyiniz həyatı seçin”, “Xoşbəxtliyə aparan qısa yollar”, “Liderliyin sevinci” və digər kitabların müəllifidir. Harvard Universitetində Təşkilati davranış üzrə doktorantura, Fəlsəfə və psixologiya üzrə bakalavr dərəcəsi alıb. “Google”, “Microsoft” kimi beynəlxalq şirkətlər üçün təlimlər keçir. Təlimlərinin əsas mövzusu liderlik, xoşbəxtlik, təhsil, innovasiya, özünə hörmət, dayanıqlılıqdır.
Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasının təşkilatçılığı ilə davam edən proqram nazirliyin rəsmi feysbuk səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.