Yeni dövrdə valideyn-uşaq münasibətləri mövzusunda təlim keçirilib
Bakı, 1 noyabr, AZƏRTAC
“XXI əsrdə valideyn-uşaq münasibətləri. Milli-mənəvi və ailə dəyərlərinə əsaslanmış tərbiyə prosesi” mövzusunda təlimçi və fasilitator üçün təlim kursu keçirilib.
Təlim Azərbaycan Pediatrlar Assosiasiyası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Azərbaycan İlahiyyat İnstitutu və Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Assosiasiyadan AZƏRTAC-a verilən məlumata görə, təlimdə çıxış edən Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, MDB Ölkələrinin Pediatrları Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağızadə valideyn və uşaq münasibətləri fonunda yeni nəslin fiziki və əqli sağlamlığının qorunması baxımından kursun əhəmiyyətindən danışıb, zəruri tövsiyələr verib.
Təlimdə ekspertlər müasir dünyada ailənin vəzifələri və məqsədləri, uşaqları tərbiyə üsulları, erkən uşaqlıq dövründə inkişafa dəstək, reproduktiv sağlamlıq və cinsi tərbiyə, uşaqlarla uğurlu ünsiyyətin prinsipləri, şagird şəxsiyyətinin formalaşdırılmasına məktəb-ailə münasibətlərinin təsiri və digər mövzularda təqdimatlar ediblər.
Maarifləndirici təlimdə çıxışların ardınca iştirakçılar arasında faydalı fikir mübadilələri aparılıb və sonda iştirakçılara sertifikatlar təqdim edilib.