Yeni elmi tədqiqatlar: Süd Yolu qalaktikasının ölçülərinə dair təsəvvürlər dəyişir
Bakı, 10 iyul, AZƏRTAC
Avropa Kosmik Agentliyinin “XMM-Nyuton” və NASA-nın “Çandra” rentgen kosmik teleskoplarının son müşahidələri əsasında Süd Yolu Qalaktikasının xarici spiral qollarına qədər olan məsafənin əvvəlki qiymətləndirmələrdən 10 faizə qədər böyük olduğu müəyyən edilib.
Bu barədə AZƏRTAC-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Süd Yolunun quruluşunun öyrənilməsi mürəkkəb elmi problemlərdən biridir. Günəş sistemi qalaktikanın daxilində yerləşdiyindən onu kənardan bütöv şəkildə müşahidə etmək mümkün deyil. Həmçinin qalın kosmik toz buludları bir çox bölgələri örtdüyü üçün qalaktikanın quruluşu və spiral qollarının yerləşməsi əsasən dolayı müşahidələr və nəzəri modellər əsasında müəyyənləşdirilir.
Son illərdə, xüsusilə “Gaia” kosmik teleskopunun məlumatları sayəsində milyardlarla ulduza qədər məsafələr yüksək dəqiqliklə ölçülüb və Süd Yolunun ətraflı xəritələri hazırlanıb. Buna baxmayaraq, qalaktikanın mərkəzi hissələri, bəzi spiral qolları və xarici bölgələri ilə bağlı tam dəqiq xəritələşdirmə hələ də çətin olaraq qalır.
Yeni tədqiqatda alimlər Süd Yolunun xarici spiral qollarını xəritələşdirmək üçün uzaq qalaktikalarda baş vermiş qamma-şüa alışmalarının (GRB) yaratdığı rentgen şüalarının toz buludlarında formalaşdırdığı halqavari əks-sədaları təhlil ediblər. 2003–2022-ci illərdə qeydə alınmış GRB 031203, GRB 160623A və GRB 221009A hadisələrinin müşahidələri birləşdirilib. Rentgen şüalarının Süd Yolundakı toz hissəciklərində səpilməsi nəticəsində yaranan bu strukturlar XMM-Newton və Chandra teleskopları ilə müşahidə olunub.
Metod halqavari rentgen əks-sədalarının zamanla genişlənmə sürətinin ölçülməsinə əsaslanır. Bu üsul toz qatlarına qədər olan məsafəni, dolayısı ilə isə həmin qatların yerləşdiyi spiral qollara qədər məsafəni müəyyən etməyə imkan verir.
Nəticələr Persey qoluna qədər olan əvvəlki məsafə qiymətləndirmələrinin əsasən doğru olduğunu göstərib. Lakin Xarici Skutum–Kentavr qolu və Xarici qol üçün məsafələrin əvvəlki hesablamalardan 10 faizə qədər böyük olduğu müəyyən edilib. Bu nəticələr Süd Yolunun xarici hissələrinin xəritəsinin dəqiqləşdirilməsinə və mövcud modellərə düzəlişlərin edilməsinə imkan yaradır.
Tədqiqat işinin nəticələri “Astronomy & Astrophysics” jurnalında çap olunub.