“Yeni klinika”da ambulator tibbi xidmətin sayı 55 mini ötüb
Bakı, 15 may, AZƏRTAC
Ötən ay ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinə icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində müraciət edən vətəndaşlara göstərilən ambulator tibbi xidmətin sayı 16 faiz artaraq 55 min 50-yə çatıb.
AZƏRTAC “Yeni klinika”ya istinadla bildirir ki, aprel ayı ərzində icbari tibbi sığorta çərçivəsində tibb müəssisəsinə ambulator tibbi xidmət üçün 12 min 630 nəfər müraciət edib.
Mart ayı ilə müqayisədə stasionar tibbi xidmət üçün “Yeni klinika”ya müraciət edənlərin sayı artaraq 414-ə çatıb. Əməliyyat olunan pasiyentlərin sayı isə 339-dan 410 nəfərə çatıb.
Qeyd edilib ki, “Yeni klinika” tibb müəssisəsində 2022-ci il iyunun 6-dan etibarən icbari tibbi sığorta sistemi tətbiq olunur. Hər bir Azərbaycan vətəndaşı icbari tibbi sığorta ilə xidmətlər zərfinə daxil olan bütün tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.
Ümumilikdə 300-ə yaxın həkim və tibbi heyətin çalışdığı Cənubi Qafqazın ən böyük tibb müəssisəsi hazırda ümumi cərrahiyyə, terapiya, təcili və təxirəsalınmaz tibbi yardım, reanimasiya şöbələri və poliklinikadan ibarətdir. Poliklinikada, eyni zamanda, urologiya, kardiologiya, ümumi cərrahiyyə, ürək-damar cərrahiyyəsi, neyrocərrahiyyə, LOR, qastroenterologiya, radiologiya, revmatologiya, endokrinologiya, ginekologiya, nevrologiya və pediatriya şöbələri poliklinik olaraq fəaliyyət göstərir.