ELM VƏ TƏHSİL
Yeni nəşr: “Tarix və tarixşünaslıq məsələləri”
Bakı, 5 aprel, AZƏRTAC
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru tarix elmləri doktoru Eynulla Mədətlinin “Tarix və tarixşünaslıq məsələləri” kitabı nəşr edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda Azərbaycan tarixinin bir sıra konseptual məsələlərinə dair müəllifin son illərdə qələmə aldığı elmi və publisistik məqalələri əksini tapıb. Ölkəmizdə və xaricdə dərc edilmiş bu məqalələrdə Azərbaycan xalqının tarixinin müxtəlif dövrlərinə, o cümlədən müasir dövrümüzün ictimai-siyasi hadisələrinə müxtəlif münasibətlərin tənqidi araşdırılması aparıcı xətti təşkil edir.
Nəşrin elmi redaktoru akademik Yaqub Mahmudov, rəyçiləri tarix elmləri doktoru, professor Şahin Fazil (Fərzəliyev) və tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadədir.
Kitab tarix və tarixşünaslıq, beynəlxalq münasibətlər, siyasət, mədəniyyət sahəsinin tədqiqatçıları, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.