Yeni nəşr: Vulkanizm, filizəmələgəlmə və geodinamika
Bakı, 10 fevral, AZƏRTAC
AMEA-nın Geologiya və Geofizika İnstitutunun Petrologiya və metallogeniya seksiyasının aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Zəki Vəliyevin “Vulkanizm, filizəmələgəlmə və geodinamika” kitabı çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, nəşrdə vulkanik proseslərlə əlaqədar filizəmələgəlmə problemləri və geodinamik inkişaf rejimlərinə nəzər salınıb. Kitabda müasir vulkanizmin təzahüretmə formaları, maqmatogen yataqların tipləri haqqında məlumatlar yer alıb. Həmçinin vulkanogen yataqlar, onların geoloji-struktur, fiziki-kimyəvi əmələgəlmə şəraitləri, filizəmələgəlmədə metasomatozun rolu araşdırılıb.
Yeni nəşr geologiya istiqaməti üzrə təhsil alan ali məktəb tələbələri və gənc mütəxəssislər üçün nəzərdə tutulur.
Geologiyanın çox vacib və maraqlı problemlərindən olan vulkanizmlə filizəmələgəlmənin əlaqəsi, həmçinin onun geodinamik şəraitlə bağlılığı məsələləri həmişə alimlərin diqqət mərkəzində olub. Lakin bu mövzuda rus, ingilis, alman, fransız və s. dillərdə böyük sayda ədəbiyyat mövcud olmasına baxmayaraq, Azərbaycan dilində, demək olar ki, yazılmayıb. Bu baxımdan Azərbaycan dilində ilk dəfə işıq üzü görən “Vulkanizm, filizəmələgəlmə və geodinamika” monoqrafiyası ali məktəb tələbələri, magistrlər və gənc mütəxəssislər üçün xüsusi əhəmiyyət kəsb edir.