YENİ TEXNOLOGİYA VƏ TEXNİKANIN TƏTBİQİ ÖZ BƏHRƏSİNİ VERİR
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na uyğun olaraq, “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti ekoloji layihələrin həyata keçirilməsi məqsədi ilə, xarici təsisçinin investisiyası hesabına ən müasir texnika və texnologiyaların alınması və tətbiq olunması istiqamətində böyük həcmdə işlər həyata keçirir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin mayında neft şlamının təmizlənməsi üçün Səhmdar Cəmiyyəti tərəfindən “Alfa-Laval” şirkətinin istehsalı olan 2 ədəd ikifazalı modul dekanter qurğusu alınmışdır. Ən müasir tələblərə cavab verən qurğulardan biri “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində, digəri isə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun 9 N-li sexinin ərazisində quraşdırılaraq istifadəyə verilmişdir. Bu modul qurğunun köməyi ilə saatda 30 kubmetr neft şlamı zərərsizləşdirilərək, iki fazaya - suqarışıq neft məhsuluna və bərk qalıqlara ayrılır. Sonradan həmin qalıqlardan səmərəli istifadə olunur.
Yeni qurğuların tətbiq edildiyi gündən bəri “Bibiheybətneft” NQÇİ-nin mədən sahəsində 3.200 ton, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun 9 №-li sexinin ərazisində isə 4.491 ton neft şlamı emal edilərək, zərərsizləşdirilmişdir ki, bununla da ətraf mühitə göstərilən mənfi təsirin qarşısı xeyli dərəcədə alınmışdır.