Yeniyetmə şahmatçılar arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
Bakı, 24 iyun, AZƏRTAC
Şahmat üzrə 8-10-12-14-16-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, 3 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-İdman Məktəbində təşkil edilən turnirdə medallar uğrunda 314 nəfər (193 oğlan, 121 qız iştirakçı) mübarizə aparıb.
Turnirin bağlanış mərasimində Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalibləri təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb. Sonra Mahir Məmmədov və federasiyanın birinci vitse-prezidenti Faiq Həsənov qaliblərə diplom və medalları təqdim ediblər.
Yekun nəticəyə əsasən, Mehriban Əhmədli, Səfa Hümmətov (8 yaşlılar), Əsnad Baxşızadə, Şəmsi Qaraxanov (10 yaşlılar), Xanım İsmayılova, Yunis Mahmudzadə (12 yaşlılar), Nərmin Abdinova, Tunar Davudov (14 yaşlılar), Nazlı Hümbətova, Şiroğlan Talıbov (16 yaşlılar), Səbinə Rzalı və Xəzər Babazadə (18 yaşlılar) müvafiq yaş kateqoriyalarında Azərbaycan çempionatının qalibi adını qazanıblar.
Müxtəlif yaş kateqoriyasında Nurgül Qənbərli, Nihad Vəlisoy, Leyla Mirzəliyeva, Mirnamiq Ağazadə, Lalə Hüseynova, Paşam Əlizadə, Nurtən Nuriyeva, Allahverdi Həmidov, Aydan Şükürova, Süleyman Süleymanlı, Mələk İsmayıl və Fərid Mustafayev ikinci yeri tutublar.
Zəhra Xəlilzadə, Məhəmməd Kazımzadə, Fatimə Mirzəliyeva, Məmməd Məmmədzadə, Səadət Bəşirli, Yusif Kərimli, Leyla Rzalı, Rüstəm Rüstəmov, Nərmin Nəsibova, Aqil İsrailov, Səmra Qasımova və İsmayıl Qurbanlı yarışı üçüncü yerdə başa vurublar.
Çempionatda hər kateqoriya üzrə ilk üç yeri tutan şahmatçılar Gənclər və İdman Nazirliyinin diplomları və federasiyanın medalları ilə təltif olunublar. Qaliblərə federasiya tərəfindən pul mükafatı verilib. Birinci yeri tutan şahmatçılar 2022-ci ildə müvafiq yaş qrupları üzrə dünya çempionatında, ikinci yerdə qərarlaşan şahmatçılar isə Avropa çempionatında ölkəmizi təmsil edəcəklər.