Yerli səviyyədə xidmətlərin səmərəli göstərilməsinin təkmilləşdirilməsi: çağırışlar və innovativ yanaşmalar VİDEO
Bakı, 25 iyun, AZƏRTAC
BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində “Yerli səviyyədə xidmətlərin səmərəli göstərilməsinin təkmilləşdirilməsi: çağırışlar və innovativ yanaşmalar” mövzusunda sessiya təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Afrikanın Birləşmiş Şəhərlər və Yerli Hökumətlər Təşkilatının Afrika Yerli Hökumətlər Akademiyasının direktoru Nəcəf Zərrukun moderatorluğu ilə keçirilib.
İSESKO-nun Rabat ofisinin xarici əlaqələr və əməkdaşlıq üzrə idarəsinin direktoru Aycan Smaylova çıxış edərək Qazaxıstanda yaradılmış uğurlu elektron hökumət sisteminin təcrübəsi barədə məlumat verib. O, elektron hökumət çərçivəsində yaradılan portal vasitəsilə Qazaxıstan vətəndaşlarına bir çox dövlət xidmətlərinin rahat şəkildə göstərildiyini bildirib. Qeyd edib ki, Qazaxıstanın tətbiq etdiyi elektron hökumət sistemi Dünya İqtisadi Forumu və BMT-nin keçirdiyi bir çox sorğularda müsbət dəyərləndirilib və hətta ən uğurlu elektron hökumət sistemlərindən biri kimi mükafatlandırılıb.
Sessiyada Burkina Fasonun, Seneqalın, Uqandanın nümayəndələri də çıxış edərək ölkələrinin təcrübələri barədə danışıblar.
Çıxışlarda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında insan kapitalına sərmayə qoyulmasının önəmi qeyd edilib.
Həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində mövcud olan əsas problemlər araşdırılıb və innovativ transformasiya təşəbbüsləri ilə bağlı fikir mübadiləsi aparılıb.