Yevlaxda Zəfər Gününə həsr olunan rəsm sərgisi açılıb
Yevlax, 2 noyabr, AZƏRTAC
Yevlax şəhərində Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkilatçılığı və Yevlax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Zəfər Gününə həsr olunan rəsm sərgisi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgidə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində təhsil alan 61 şagirdin çəkdiyi Vətən müharibəsindəki Zəfəri, eləcə də xalqımızın qəhrəman oğullarının göstərdiyi şücaəti və Qarabağın simvolu olan xarıbülbülü, tarixi və dini abidələri əks etdirən 100-dən çox rəsm əsəri nümayiş olunub.
Qeyd edək ki, sərginin məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış möhtəşəm tarixi Zəfəri əsərlərdə nümayiş etdirmək, xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdir.