Yol hərəkəti qaydalarının pozulması hallarına qarşı profilaktiki tədbirlər davam etdirilir
Bakı, 5 may, AZƏRTAC
Paytaxtda və bölgələrdə yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən xüsusi profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) AZƏRTAC-a bildiriblər ki, idarə və onun struktur qurumları tərəfindən bu ilin aprelindən başlayan maarifləndirmə və nəzarət-profilaktiki tədbirlər bu dəfə təhlükəsizlik kəmərlərindən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması, eləcə də motosiklet, moped və velosiped idarə edən şəxslər tərəfindən qaydalara əməl olunmaması hallarının qarşısının alınmasına yönəldilib.
Media mənsublarının yaxından iştirak etdiyi reydlərdə Gəncə, Ağsu, Ağcabədi, Qax, Qazax, Qəbələ, Qusar, Daşkəsən, Zaqatala, İsmayıllı, Yardımlı, Kürdəmir, Göyçay, Goranboy, Masallı, Mingəçevir, Neftçala, Oğuz, Samux, Salyan, Siyəzən, Tərtər, Tovuz, Ucar, Xızı, Hacıqabul, Cəlilabad, Şamaxı, Şəki, Şəmkir və Şirvan şəhər, rayon polis orqanlarının Dövlət Yol Polisi qurumlarının əməkdaşları tərəfindən sürücü və sərnişinlərə təhlükəsizlik kəmərlərini bağlamağın vacibliyi, səs siqnallarından lüzumsuz istifadənin cəmiyyətdə yaratdığı narazılıq, xüsusilə son vaxtlar yollarda daha çox görünən motosiklet, moped və velosiped idarə edən şəxslər tərəfindən qaydalara əməl edilməməsi hallarının yolverilməz olduğu barədə maarifləndirmə xarakterli söhbətlər aparılıb. Bununla yanaşı, qaydaları kobud şəkildə pozan velosipedçi və moped idarə edən şəxslər, habelə səs siqnalından istifadə qaydalarını pozan sürücülər barəsində də inzibati tənbeh tədbirləri görülüb.