İDMAN
Yunan-Roma güləşi üzrə dünya çempionatında 8 gənc pəhləvanımız mübarizə aparacaq VİDEO
Quba, 21 iyul, Elxan Yusifli, AZƏRTAC
Yunan-Roma güləşi üzrə gənclərdən ibarət Azərbaycan yığma komandası avqustun 11-12-də Braziliyanın Salvador şəhərində keçiriləcək dünya çempionatına hazırlıqlarını Quba Olimpiya İdman Kompleksində davam etdirir.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Şaban Donat, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynovun rəhbərlik etdikləri təlim-məşq toplanışına yığma komandanın 29 üzvü qatılıb. Pəhləvanlarla gün ərzində iki məşq prosesi keçirilir. Məşqlərdə həm fiziki, həm də texniki hazırlıqlara diqqət yetirilir.
Gənclərdən ibarət Azərbaycan yığma komandası dünya çempionatında 8 idmançı ilə təmsil olunacaq.
Yığma komandanın baş məşqçi Şaban Donat AZƏRTAC-a müsahibəsində gənc güləşçilərimizin dünya çempionatında medal qazanmaq şanslarını yüksək qiymətləndirib: “Dünya çempionatına qatılan 8 güləşçimizdən ən azı 5 medal gözləyirəm. Bu yarışda pəhləvanlarımızın çox güclü rəqibləri olacaq. Buna baxmayaraq, son Avropa çempionatının qalibləri İslam Abbasov, Nofəl Babayev, gümüş medalçı Murad Məmmədov və digərləri medal qazanmaq üçün əllərindən gələni edəcəklər. Biz bu yarışa ciddi hazırlaşırıq”.
Gənc güləşçilərimizin Quba Olimpiya İdman Kompleksində hazırlığı iyulun 29-dək davam edəcək.