DÜNYA
YUNANISTAN TÜRKİYƏNİN AVROPA BİRLİYİNƏ DAXİL OLMASINA TƏRƏFDARDIR
Yunanıstan hökuməti başçısının fikrincə, bütün bunlar Türkiyənin Avropa ölkələri ilə yaxınlaşmasına təkan verməlidir. K.Karamanlis demişdir: “Biz yunanlar Türkiyəni Avropada görmək istəyirik və onun Avropa Birliyinə qəbul edilməsinə tərəfdarıq”.
Türkiyənin özü də bu quruma qəbul edilməyə haqqı olduğunu bildirir. Məsələn, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iyulda Bolqarıstana səfəri zamanı bəyan etmişdi ki, onun ölkəsi Avropa Birliyinə üzvlüyə namizədlər qarşısında irəli sürülən bütün tələblərə cavab verir və Türkiyənin AB-yə inteqrasiyası haqqında danışıqlardan yayınmaq üçün bu təşkilatın daha heç bir əsası yoxdur.
R.T.Ərdoğan demişdir: “Son iki ildə Türkiyə hökuməti Avropanın siyasi meyarlarına uyğunluğa nail olmaq üçün ciddi addımlar atmışdır və indi Ankara danışıqlara başlamağa tam hazırdır”. Lakin, onun sözlərinə görə, əgər AB-nin dekabrda keçiriləcək zirvə toplantısında danışıqların müddətinin təyin edilməsində Türkiyəyə yenidən rədd cavabı verilsə, onda bu, o demək olacaq ki, Avropa Birliyi namizədlər barəsində ikili standartlara əl atır.
Türkiyənin Avropa Birliyinə qoşulmaq niyyətini ABŞ Prezidenti Corc Buş da hər vasitə ilə dəstəkləyir. O, ölkənin AB-yə qəbul olunmasına bütün vasitələrlə kömək edəcəyini dəfələrlə açıqlamış və Türkiyəni bütün Yaxın Şərq üçün nümunəvi dövlət adlandırmışdır.