YUNİSEF AZƏRBAYCANDA UŞAQ HÜQUQLARINA DAİR HESABAT HAZIRLAMIŞDIR
YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Hana Singer isə ölkədə uşaq hüquqları ilə bağlı aparılmış təhlillərdən, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülmüş işlərdən danışmışdır. O, Azərbaycanın YUNİSEF-lə əməkdaşlığını, Milli Məclisdə Uşaq Parlamentinin yaradılmasını və digər işləri yüksək qiymətləndirmişdir.
Sonra professor xanım Karolin Hamilton hesabatla əlaqədar məlumat vermişdir. Bildirmişdir ki, sənəd Azərbaycan hökumətinin uşaq hüquqlarının qorunması ilə bağlı BMT-yə təqdim etdiyi hesabat, ölkədə aparılmış monitorinqin nəticələri və təhlilləri əsasında hazırlanmışdır. Hesabatda, Azərbaycanda uşaq hüquqlarının vəziyyəti, bu sahə ilə bağlı qəbul olunmuş qanunların səviyyəsi, beynəlxalq konvensiyaların tələblərinin yerinə yetirilməsi və digər məsələlər əksini tapmışdır. Ümumilikdə, ölkədə uşaq hüquqlarının vəziyyəti müsbət qiymətləndirilir. Bununla belə, bütün dünyada olduğu kimi, Azərbaycanda da müəyyən problemlər mövcuddur. Hesabatda həmin çatışmazlıqların aradan qaldırılması üçün müəyyən təkliflər də verilmişdir. Buraya hakimlərin və vəkillərin sırf uşaq hüquqları ilə bağlı ixtisaslaşdırılması, cinayət törətmiş yeniyetmələrin, uşaqların mühakiməsi qaydalarının, uşaq polisinin təkmilləşdirilməsi və s. daxildir.
Komissiyanın üzvləri və dəvət olunmuş mütəxəssislər hesabatla bağlı çıxış etmiş, uşaq hüquqlarının müdafiəsi sahəsində həlli vacib məsələlərdən danışmış, ümumilikdə, hesabatı müsbət qiymətləndirmişlər.